Keçid linkləri

2025, 20 İyun, Cümə, Bakı vaxtı 00:24

Azər Qasımlının məhkəməsi ailəsindən, vəkillərindən xəbərsiz başlayıb


Azər Qasımlı
Azər Qasımlı

Siyasi Menecment İnstitutunun direktoru, yarım ildən çoxdur həbsdə olan politoloq Azər Qasımlının məhkəməsi başlayıb. Ancaq ailəsi də, vəkilləri də deyir ki, onlara bu barədə məlumat verilməyib.

Siyasi Menecment İnstitutunun rəhbəri A.Qasımlının özünün seçdiyi, istintaq vaxtı onun hüquqlarını müdafiə etmiş vəkilləri olsa da, o, iyunun 18-də dövlət hesabına vəkillə hakim önünə çıxarılıb.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində iyunun 18-də keçirilən iclasda A.Qasımlı bu üzdən etirazını bildirib. O, öz vəkillərinin olduğunu deyib. Nəticədə məhkəmənin hazırlıq iclası iyunun 25-nə təxirə salınıb.

Həyat yoldaşı Samirə Qasımlı deyir ki, onlar məhkəmənin keçirilməsindən proses başa çatandan sonra xəbər tutublar. Onun sözlərinə görə, vəkil Rövşanə Rəhimli cinayət işinin materiallarının artıq məhkəməyə göndərildiyini nəzərə alaraq, Bakı Ağır Cinayətlər Məhkəməsiylə əlaqə saxlayıb, müvəkkilinin işinin hansı hakimə verilməsi, hazırlıq iclasının nə vaxta təyin olunmasıyla maraqlanıb. Lakin ona deyilib ki, hələ iş materialları məhkəməyə daxil olmayıb.

Rövşanə Rəhimli
Rövşanə Rəhimli

Vəkil R.Rəhimli özü də AzadlıqRadiosuna bildirib ki, iyunun 18-də S.Qasımlı onunla əlaqə saxlayıb və həyat yoldaşının məhkəməsinin vaxtı ilə maraqlanıb: "İyunun 18-də səhər Samirə xanım dedi ki, Azər Qasımlı telefonla danışanda məhkəmənin vaxtının təyin olunub-olunmadığını soruşub. Sən demə, həmin gün məhkəmədir, mənim isə xəbərim yoxdur, çünki məlumat verilməmişdi. Adətən iş icraata veriləndən sonra hakimin köməkçiləri istintaqda vəkil olmuş müdafiəçilərlə əlaqə saxlayırlar ki, məhkəmədə də siz müdafiə edəcəksinizsə, filan vaxt məhkəmədir".

A.Qasımlının işi Bakı Ağır Cinayətlər Məhkəməsində Telman Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının icraatındadır. Hakimin köməkçisi sonradan vəkil R.Rəhimli ilə əlaqə saxlayıb.

S.Qasımlı həyat yoldaşına qarşı baş verənləri müdafiə hüququnun pozuntusu hesab edir.

Xatırlatma

Azər Qasımlı 2024-cü il dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O, Qurbanəli Yusibov adlı şəxsdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

A.Qasımlı isə özünü təqsirli bilmir. Zərərçəkmiş qismində tanınan adıçəkilən şəxsin ona pul borclu olduğunu və bunu təsdiqləyən məhkəmə qərarı çıxarıldığını bildirir.

Politoloq həbsini tənqidli fəaliyyəti ilə əlaqələndirir. Onun həbsindən öncə ölkədən çıxışına qadağa qoyulmuşdu.

Rəsmilər isə, bir qayda olaraq, ölkədə siyasi həbslərin olması barədə deyilənləri qəbul etmirlər.

Yerli hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda ölkə həbsxanalarında 350-dən çox siyasi məhbus var. Hökumət belə siyahılarla razılaşmır.

XS
SM
MD
LG