Keçid linkləri

2025, 20 İyun, Cümə, Bakı vaxtı 01:04

Təcavüzlə üzləşən bosniyalı qadınlar 30 il sonra da ədalət axtarışındadır


Sarayevo şəhərətrafı qəsəbəsində 1992-95-ci illər müharibəsi zamanı serb qoşunları üçün zorlama düşərgəsi kimi xidmət edən moteldə qadın heykəli.
Sarayevo şəhərətrafı qəsəbəsində 1992-95-ci illər müharibəsi zamanı serb qoşunları üçün zorlama düşərgəsi kimi xidmət edən moteldə qadın heykəli.

1992-ci ilə qədər Mirsada Tursunoviçin önündə bir həyat vardı. O, doğma şəhəri Zvornikdə makinaçı işləmək istəyirdi. Lakin Bosniya-Herseqovinadakı müharibə hər şeyi dəyişdirdi. O, 18 yaşında Kaparde həbs düşərgəsində təcavüzə məruz qaldı.

O vaxtdan bəri Tursunoviç xəyallarının arxasınca getmək əvəzinə, baş verənlərin kabusundan qurtulmağa çalışır.

"Onlar məni hərəkət edə bilməyən bir qadına geyindirməyə apardılar. Mən onu görməyə müvəffəq oldum, sonra o, (əsgər) dərhal mənə onunla birlikdə yuxarı mərtəbəyə qalxmağı əmr etdi", - M.Tursunoviç deyir.

"O, söyməyə başladı və soyunmağımı əmr etdi. Onda titrəməyə başladım, çünki o zaman nə baş verəcəyini anlamışdım", - Mirsada başına gətirilənləri xatırlayır.

Adila Sulyeviç isə təxminən 70 kilometr aralıda, Brçko şəhərində yaşayırdı. O vaxt evli olan Adilanın 27 yaşı vardı və geyim sənayesində çalışırdı. O, Tursunoviçi tanımırdı, amma onların həyatı –ağlasığmaz bir şəkildə – əbədi olaraq birləşəcəkdi.

"Mən hər cür travmadan keçmişəm. Üç dəfə silah gücünə tutulmuşam", - o deyir.

Adila da müharibə vaxtı bir hərbçi tərəfindən təcavüzə məruz qalıb: "Azadlığa nail olanda boşandım, çünki birinci ərimdən çoxlu qınağa məruz qalırdım".

Adila Sulyeviç
Adila Sulyeviç

M.Tursunoviçin təcavüzkarı ölkədən qaçıb. Sulyeviç isə ona qarşı törədilən cinayət barədə məlumat verəndə ona deyilib ki, ona təcavüz edən əsgər müharibədə həlak olub.

Məhv edilmiş həyatlar, davam edən travma və əsas hüquqlar uğrunda mübarizə - bunlar Bosniya müharibəsi zamanı təcavüzə məruz qalmış minlərlə qadının reallığıdır.

Qadınlara qarşı təcavüz və digər cinayətlər törədən bir çox şəxs hələ də azadlıqda gəzir.

"Foça 92-95" Müharibə Qurbanları Assosiasiyasının nümayəndəsi Midheta Kaloper Oruli deyir: "Zorlandığınızı söyləmək asan deyil. O cümlənin daşıdığı ağırlığı və ağrını başa düşən varmı?".

İnsanlığa qarşı cinayətlər

Bosniyanın şərqində yerləşən Foça bölgəsi ölkədə serb qüvvələrinin etnik təmizləmə, qətl və təcavüz kampaniyasının apardığı ərazilərdən biri idi.

Dağıntıların və qətllərin böyük bir qismi bosniyalı müsəlmanlara qarşı insanlıq əleyhinə cinayətlərin törədildiyinə qərar verən keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı (ICTY) tərəfindən sənədləşdirilib.

Orulinin doğulduğu Foça şəhərində baş vermiş dəhşətli cinayətlər səbəbindən ICTY cinsi köləliyi insanlıq əleyhinə cinayət kimi tanıyıb.

"Təcavüz səhv deyil, bədbəxt hadisə deyil, utanc deyil. Təcavüz bir cinayətdir", - Oruli deyir.

Bosniyada baş verənlər tək bir hadisə deyil.

İren Fellin
İren Fellin

NATO-nun Qadın, Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi İren Fellin deyir ki, Bosniya və Ruandadakı müharibələr münaqişə zamanı cinsi zorakılıq barədə məlumatlılığı artırıb. O əlavə edir ki, belə zorakılıqlar hələ də baş verir, amma bununla bağlı məsuliyyətə yanaşma dəyişməyə başlayıb.

2015-ci il iyunun 19-da BMT münaqişə zamanı seksual zorakılığı müharibə taktikası kimi tanıyan qətnamə qəbul edib. Belə cinayətlərə məruz qalmış insanlara hörmət əlaməti olaraq və bu məsələ barədə məlumatlılığı artırmaq məqsədilə iyunun 19-u Münaqişələrdə Cinsi Zorakılığa qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.

"Mövcud kontekstdə və Ukraynaya baxsaq, biz çox unikal bir şey görürük. Görürük ki, onlar mübarizə apararkən, həm də artıq (zorlama kimi cinsi zorakılıq cinayətlərinin) icraçılarını təqib edirlər. Və bu, həqiqətən mədəniyyətdəki dəyişikliyi göstərən bir şeydir", - Fellin izah edir.

Ancaq o etiraf edir ki, dəyişiklik yavaş-yavaş baş verir. Onun sözlərinə görə, münaqişə zamanı baş verən seksual zorakılıq hələ də problemdir, bu məsələdəki inkişaf isə önəmlidir, "çünki bu, düşüncə tərzinin dəyişməsindən xəbər verir".

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri münaqişə ilə bağlı 363 cinsi zorakılıq halı qeydə alınıb.

Müqayisə üçün, 1992-1995-ci illərdə Bosniya-Herseqovina müharibəsi zamanı azı 20 min qadının zorlandığı təxmin edilir.

Müsbət nəticələr

"Problemin necə həll olunmasında biz, həqiqətən, müsbət nəticələr görürük", —Fellin bildirir.

Ancaq bu dəyişiklik Tursunoviç və Sulyeviç kimi bosniyalı qadınlar üçün ədalətin təmin olunmasına çox da təsir göstərməyib. Bosniya müharibəsində cinayətkarların çox az bir qismi cəzalandırılıb.

ICTY 2017-ci ildə bağlanana qədər müharibə zamanı cinsi zorakılığa görə 40-dan az adam məhkum edilmişdi. Bəzi məhkəmələr yerli instansiyalarda davam etsə də, çoxsaylı qurbanlar hələ də ədalət gözləyirlər.

"Mənə və ailəmə qarşı törədilən cinayətlərə görə hələ heç kim cəzalandırılmayıb. Mən yaxın ailəmin 13 üzvünü itirmişəm", - deyən K.Oruli zamanın onların əleyhinə işlədiyini əlavə edir: "Şahidlər ölür, cinayətkarlar ölür, onlar ədalətə təslim edilmək üçün yetərincə uzun müddət yaşamayacaqlar".

Mirsada Tursunoviç Bosniya-Herseqovinada müharibə zamanı şəxsiyyət vəsiqəsi fotosunda
Mirsada Tursunoviç Bosniya-Herseqovinada müharibə zamanı şəxsiyyət vəsiqəsi fotosunda

M.Tursunoviçə gəlincə, o, heç vaxt makinaçı olmadı. Bu gün o, əl işləri ilə məşğul olan bir dərnəyin rəhbəridir. Yalnız 2009-cu ildə - təcavüzə məruz qaldıqdan 17 il sonra o, nəhayət, başına gələnləri açıq şəkildə danışmağa qərar verib.

Tursunoviç deyir ki, "Mən digər qadınlara görə açıq danışmağa başladım. Təəssüf edirəm ki, onlar qorxudan danışmırlar".

O əlavə edir ki, müharibə zamanı başlarına gələnləri hələ də ərləri bilməyən çox qadın var.

Tursunoviç kimi, Sulyeviçə də başına gələnləri bölüşmək üçün zaman lazım olub. Sonradan o, müharibə travması ilə bağlı ifadə verən ilk qadınlardan birinə çevrilib.

2016-cı ildə o, müharibə zamanı cinsi zorakılığa məruz qalmış qadınlara dəstək şəbəkəsi qurmaq və onların travmaları barədə sərbəst danışa bilməsi, güclənməsi məqsədilə bir qeyri-hökumət təşkilatı (QHT) təsis edib.

"Öz üzərinizdə işləmək və sağalmaq çox vacibdir. Mən əvvəlcə bunu bilmirdim. Amma yaxşılaşdığımı görəndə bunu başqa qadınlara da tövsiyə etməyə başladım, çünki eyni şeyi yaşayan çox qadın tanıyıram", - o deyir.

Sulyeviçin sözlərinə görə, zorakılıqdan sağ çıxan qadınlar çox şey arzulaya bilər, ancaq ən çox ehtiyac duyduqları şey sadəcə ədalətdir: "Biz az-çox razı qalacağıq. Yaşamaq üçün irəlidə bir neçə dinc və xoş illərimiz qala bilər. Və xahiş etdiyimiz tək şey sadəcə budur (ədalət)".

Yazı AzadlıqRadiosunun Balkan xidmətinin müxbiri Una Çiliç tərəfindən hazırlanıb.

XS
SM
MD
LG