Keçid linkləri

2025, 20 İyun, Cümə, Bakı vaxtı 05:37

'İsrail uzunmüddətli müharibəyə hazır deyil. İran da bunu istəmir'


ABŞ prezidenti Donald Tramp deyir ki, İranla savaşmağa can atmır, amma...
ABŞ prezidenti Donald Tramp deyir ki, İranla savaşmağa can atmır, amma...

Budəfəki "Həftəyə baxış"da İsrail-İran münaqişəsinin uzunmüddətli müharibəyə çevrilə biləcəyi ehtimalından; Ermənistan müxalifətinin Bakının bu münaqişədən yararlanaraq Ermənistanı işğal edəcəyi ilə bağlı iddialarından danışırıq.

İyunun 13-dən İsrailin İrana zərbələri ilə başlamış münaqişə hələ də davam edir, hər iki ölkədə itkilər var. AzadlıqRadiosu münaqişəni müxtəlif aspektlərdən işıqlandırmağa çalışıb, həm İran, həm də İsraildəki azərbaycanlılardan yerdəki durumu öyrənib.

İsrail-İran müharibəsi: 'Hər gecə iki-üç dəfə bomba sığınacağına qaçırıq'
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Münaqişə başlayandan ikinci dəfədir yerli media rəsmi Bakının İsraillə təmasa keçərək İranda azərbaycanlılar yaşayan ərazilərdə mülki əhali və mülki obyektlərin təhlükəsizliyi ilə bağlı mesaj göndərdiyini yazır. Rəsmi təsdiqlənməsə də, bu informasiya hakimiyyətə yaxın media orqanlarında eyni mətnlə dərc olunub.

İsrail İrana qarşı əməliyyatının məqsədini bu ölkənin nüvə proqramını məhdudlaşdırmaqla izah edir. İsrailin zərbələri radiasiya sızmasına səbəb olarsa, bu, Azərbaycan üçün hansı riskləri yaradır?

İranın nüvə obyektlərinin məhvi Azərbaycana hansı təhdidi yaradacaq?
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Bugünlərdə İrandan Ermənistanla sərhədə axışanlar çoxalıb. AzadlıqRadiosunun erməni xidməti sərhədi keçənlərlə danışıb, onlar ailələri üçün qorxduqlarını dilə gətiriblər.

Bəs, qonşu İrandan qaçqın axını olarsa, Azərbaycanın sərhədlərini onların üzünə aça bilərmi? Axı, quru sərhədlər koronavirus pandemiyası və təhlükəsizlik səbəblərindən beş ildir qapalıdır. Siyasilər diqqəti beynəlxalq humanitar prinsiplərə çəkir, qonşu ölkə ilə münasibətlərdən asılı olmayaraq müharibə şəraitində qaçqınların qəbulunun vacibliyini vurğulayırlar.

İsrail-İran münaqişəsi uzunmüddətli müharibəyə çevrilə bilərmi? AzadlıqRadiosuna danışan bəzi təhlilçilərin fikrincə, "müharibə davam edəcək, getdikcə böyüyəcək, ağırlığı da artacaq".

İsrail-İran münaqişəsi çoxmu çəkəcək...
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Bəzi təhlilçilər İsrailin hərbi əməliyyatlarının İranın nüvə silahı hazırlamasını sürətləndirə biləcəyi ehtimalından danışırlar. Siyasi şərhçi Rauf Mirqədirov isə bunu mümkün saymır, İsrailin elə ilk zərbələrdə İranın aparıcı nüvə alimlərini aradan götürdüyünü, nüvə obyektlərinə zərbələri davam etdirdiyini vurğulayır.

Təhlilçi İsrailin texnoloji baxımdan çox güclü, kəmiyyət baxımından geniş imkanları olmadığını deyir. İranla bağlı durum isə bunun əksidir: "İsrail uzunmüddətli müharibəyə hazır deyil. İran isə belə müharibə istəmir. Uzunmüddətli müharibə üçün quru sərhədi lazımdır, bu iki ölkənin quru sərhədi yoxdur".

ABŞ prezidenti Donald Tramp iyunun 18-də jurnalistlərə deyib ki, İranla savaşmağa can atmır, amma Tehranın nüvə silahı hazırlamasını önləmək üçün belə əməliyyatlara məcbur qala bilər.

İran üzrə ekspertlər xəbərdarlıq edirlər ki, ABŞ İrana hücum edərsə, İraq və Əfqanıstandakı müharibələrdə olduğundan daha çətin duruma düşər. Vaşinqtondakı Kuinsi İnstitutunun icraedici vitse-prezidenti Trita Parsi CNN-ə deyib ki, "ABŞ-nin istənilən hücumu iranlıların regiondakı ABŞ bazalarına genişmiqyaslı hücumuna, ABŞ və İran arasında genişmiqyaslı müharibəyə gətirər".

Siyasi şərhçi R.Mirqədirov İrana beynəlxalq dəstəyin böyük olmamasına da diqqət çəkir. Müttəfiqlərindən biri Rusiyanın başı Ukraynada müharibəyə qarışıb; Çin hansısa münaqişəyə qatılmaqda maraqlı deyil, onun iqtisadi əlaqələri daha çox Qərblədir və onsuz da mürəkkəb olan münasibətlərini daha da qəlizləşdirmək istəməz. Müsəlman ərəb ölkələrinin də heç biri bir çox səbəblərdən İranın yanında durmayacaq: "ABŞ prezidenti də uzunmüddətli müharibə tərəfdarı deyil. O, sadəcə, İranı cəzalandırmaq istəyir. Axı, Trampın seçkiqabağı şüarlarından biri beləydi ki, "mən prezident olsaydım, heç bir müharibə olmazdı". İndi onun tərəfdarları arasında da ABŞ-ni İran-İsrail müharibəsinə cəlb edə biləcəyi ilə bağlı ittihamlar səslənir. Ona görə də münaqişəni qısa müddətə həll etməyə çalışacaq".

İranla sərhəddə Ermənistan nəzarət-buraxılış məntəqəsi
İranla sərhəddə Ermənistan nəzarət-buraxılış məntəqəsi

Ermənistan müxalifətinin narahatlığı

Bu arada Ermənistanın müxalifət liderləri iddia ediblər ki, Azərbaycan İran-İsrail münaqişəsindən yararlanaraq Naxçıvan eksklavına quru dəhlizi açmaq üçün Ermənistanı işğal edə bilər.

Bakı Ermənistanın Sünik vilayətindən keçəcək bu marşruta "Zəngəzur dəhlizi" deyir. Yerevan "dəhliz" termininə qarşı çıxır. AzadlıqRadiosunun erməni xidməti yazır ki, baş nazir Nikol Paşinyan tənqidçilərinin bu xəbərdarlıqlarını "provokativ" adlandırıb, Azərbaycanla müharibə deyil, sülh olacağını deyib.

Müxalifət liderlərinin fikrincə, Azərbaycan və Türkiyənin ritorikası hazırkı təlatümlü durumda ciddi təhdid yaradır.

ABŞ Dövlət katibi Marko Rubio bir ay öncə Konqresdəki dinləmələrdə deyirdi ki, Bakı və Yerevan arasında sülh sazişinin əldə olunmasına, bununla da Azərbaycanın Ermənistanı işğal etməsinin qarşısını almağa çalışırlar. O, belə bir eskalasiyanı "real risk" adlandırmışdı. İndi isə Ermənistan müxalifətinin liderləri bu riski Bakının Təl-Əvivlə əlaqələrinin sıx olmasıyla əlaqələndirirlər.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Siyasi şərhçi R.Mirqədirov Ermənistan ərazisinin hansısa formada mümkün işğalının nəticələrinin əldə ediləcəklərdən daha ağır ola biləcəyini deyir. Digər tərəfdən, İranla münaqişəyə başı qarışmış İsrailin Azərbaycana hər hansı dəstək göstərəcəyini gözləməyi "sadəlövhlük" sayır.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacızadə isə iyunun 14-də Praqada beynəlxalq konfransda deyib ki, Yerevan "Zəngəzur dəhlizi" ilə bağlı vacib addım atmalıdır.

"Ermənistanda "dəhliz" sözünə qarşı müəyyən qıcıqlanma hiss edirlər. Mən həmişə zarafatla deyirəm ki, Azərbaycanın bütün ərazisinin dəhliz olmasını istərdim. Yaxşı, buna nə istəyirlərsə, desinlər, amma biz ilk növbədə Naxçıvana bağlantı istəyirik, çünki 30 il ərzində biz bu imkandan məhrum olmuşuq", - H.Hacıyev belə deyib.

İyunun əvvəlində "Forbes" dərgisi Azərbaycanın Pakistandan 40 ədəd JF-17 qırıcısı almasının Cənubi Qafqazda hərbi balansı əhəmiyyətli şəkildə dəyişdirəcəyini, Naxçıvan eksklavına quru dəhlizin açılması üçün sərhəd toqquşmalarının istisna olunmadığını yazırdı.

RANE risklərin təhlili şirkətindən Sem Lixtenşteyn dərgiyə deyib ki, Yerevan da Azərbaycanın hərbi üstünlüyünü zəiflətmək üçün Fransa, Hindistan və İranla müdafiə sahəsində tərəfdaşlığı artıra, Rusiya ilə gərginliyi azalda bilər.

XS
SM
MD
LG