Keçid linkləri

2025, 20 İyun, Cümə, Bakı vaxtı 20:53

İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı?


İranın ali dini lideri Əli Xamenei Tehranda keçirilən mərasimdə.
İranın ali dini lideri Əli Xamenei Tehranda keçirilən mərasimdə.

İranla gərginləşən münaqişədə İsrailin məqsədinin yalnız Tehranın nüvə və raket infrastrukturunu hədəfə alması, yoxsa həm də rejim dəyişikliyi sualı analitiklər və müşahidəçilər arasında əsas müzakirə mövzusuna çevrilib.

İsrail rəhbərliyi açıq şəkildə rejim dəyişikliyini məqsəd kimi bəyan etməsə də, baş nazir Benyamin Netanyahunun və yüksəkrütbəli rəsmilərin ritorikası – son əməliyyatların miqyası və intensivliyi ilə birgə – İslam respublikasının devrilməsinin dolayı və ya arzuolunan bir hədəf ola biləcəyini göstərir.

Tənqidçilər xəbərdarlıq edir ki, belə bir strategiya həm də böyük risklər daşıyır: regional gərginliyin artması, gözlənilməz siyasi nəticələr və İran rəhbərliyi daxilində daha sərt xətt tərəfdarlarının güclənməsi ehtimalı. Onların fikrincə, İranın siyasi quruluşunu zorla yenidən formalaşdırmağa cəhd etmək nəticəsinə zəmanət olmayan riskli mərc oyunu kimidir.

Bu mövzuda daha aqressiv mövqenin tərəfdarları isə İslam respublikasının həmişəkindən daha zəif olduğunu iddia edirlər. Onlar davamlı ictimai narazılığa və beynəlxalq təcridin güclənməsinə işarə edərək israr edirlər ki, bu şərtlər rejimin süqutunu asanlaşdırmaq üçün nadir fürsətdir. Onlar hesab edir ki, davamlı xarici təzyiq çoxdan arzulanan dəyişikliyi gətirməkdə həlledici amil ola bilər.

Etirazlar, təzyiq və imkanlar

Yalnız hərbi müdaxilə ilə İranda rejim dəyişikliyinə nail olmağın mümkün olub-olmaması məsələsi həm siyasi dairələrdə, həm də iranlıların özləri arasında ciddi şəkildə mübahisə doğurur. Son illərdə ölkədə bir neçə dəfə genişmiqyaslı etiraz dalğaları yaşanıb, xüsusilə 2022-ci ildə Məhsa Əmininin polis nəzarətində həyatını itirməsindən sonra baş qaldıran üsyan diqqət çəkib.

Tehranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı qadın Məhsa Əmininin ölümünə etiraz.
Tehranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı qadın Məhsa Əmininin ölümünə etiraz.

"Qadın, həyat, azadlıq" şüarı ətrafında birləşən bu hərəkat ölkədə sürətlə yayılıb və cəmiyyətin müxtəlif təbəqələrindən dəstək alıb. Ancaq eyni zamanda (rejim tərəfindən) şiddətli repressiya ilə qarşılanıb. İnsan haqları qrupları bu etirazlar zamanı 550-dən çox etirazçının öldürüldüyünü və 20 mindən çoxunun həbs edildiyi bildirib.

İrandakı həmin etirazlar dərin ictimai narazılığı üzə çıxarıb və rejimin zəifliyini ortaya qoyub. Lakin, eyni zamanda, İranın təhlükəsizlik aparatının dözümlülüyünü və qeyri-məhdud güc tətbiq etməyə hazır olduğunu da nümayiş etdirib. Bu isə İslam respublikasını daxildən devirməyə yönələn hər hansı səylərin qarşısında duran ciddi çətinlikləri bir daha ön plana çıxarıb.

Bəzi analitiklər hesab edir ki, xarici hərbi təzyiq İran müxalifəti üçün fəaliyyət məkanı yarada bilər. Lakin rejim dəyişikliyinin tərəfdarları arasında belə yalnız hava zərbələrinin kifayət etmədiyi geniş şəkildə etiraf olunur.

"Biz rejim dəyişikliyi haqqında çox danışırıq, amma əslində İran müxalifətinə nəfəs almaq, təşkilatlanmaq və rejimə qarşı səfərbər olmaq imkanı verəcək rabitə imkanlarını genişləndirmək, xüsusi fond yaratmaq və bu kimi müxtəlif addımlar atmaq üçün kampaniyaya ciddi şəkildə sərmayə qoymamışıq", –Amerikanın Xarici Siyasət Şurasının vitse-prezidenti və AzadlıqRadiosu (RFE/RL) idarə heyətinin üzvü İlan Berman bildirib.

AzadlıqRadiosunun "Fərda" xidmətinə danışan Berman bu hazırlıq işini "iranlıların dayanıqlı şəkildə ayağa qalxa biləcək qədər inamlı hiss etməsi üçün zəruri ilkin şərt" adlandırıb.

Tənqidçilər ehtiyatlanır ki, bu cür səylər olmasa, sərt xətt tərəfdarlarını gücləndirmək və sadə iranlıları özündən uzaqlaşdırmaqla hərbi müdaxilə əks nəticə verə bilər.

İsrailin İrana zərbələrindən sonra Tehranda İsrail əleyhinə etiraz aksiyası.
İsrailin İrana zərbələrindən sonra Tehranda İsrail əleyhinə etiraz aksiyası.

Müdaxilə barəsində haçalanmış fikirlər

İranlıların çoxu üçün İslam respublikası ilə xalqı fərqləndirmək vacibdir.

"Bu, İsraillə İran arasında deyil, İsraillə İslam respublikası arasında müharibədir. İranlılar illərdir rejim dəyişikliyinə can atırlar və nəticədə İran və İslam respublikası arasında yalnız biri qalacaq", - xaricdə yerləşən və monarxiya tərəfdarı "İran Novin" Partiyasının rəhbər üzvü Hamed Şeybani-Rad bildirib.

"İnsanlar çox yaxşı başa düşür ki, İsrail tərəfindən onlara verilən bu fürsət bir daha təkrar olunmaya bilər". Bu, xarici təzyiqin uzun müddət gözlənilən dəyişiklikləri sürətləndirə biləcəyinə inanan bəzi insanların baxışını əks etdirir.

Digərləri isə xəbərdarlıq edir ki, xüsusən mülki itkilərə səbəb olan və ya gündəlik həyat üçün vacib infrastruktur hədəf alınan xarici müdaxilə daxili etirazların legitimliyini zəiflədə bilər.

"İslam respublikasının tənqidi daxili məsələdir. İran xalqı bundan xəbərdardır və xaricdən qəyyumlara ehtiyac duymur, xüsusən də Netanyahu kimi birinə ehtiyac yoxdur", - ABŞ-də yaşayan müdafiə üzrə analitik Hüseyn Arian "Radio Fərda"ya müsahibəsində deyib.

O qeyd edib ki, İsrail zərbələri nəhayətində "İran xalqına aid olan" aktivləri hədəf alır. Analitik İslam respublikasını "yalnız bir icarəçi" kimi təsvir edib.

İslam respublikasının legitimliyi getdikcə daha kövrək görünsə də - aşağı seçki fəallığı və davamlı iğtişaşlar - əksər müşahidəçilər dayanıqlı dəyişikliklərin son nəticədə daxildən gəlməli olduğu ilə razılaşırlar. Xarici hərbi əməliyyatlar bu dəyişikliyin tempinə və ya təbiətinə təsir göstərə bilər, amma onun bu dəyişikliyi başlatması hələ də sual altındadır.

Yazı AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi tərəfindən hazırlanıb.

XS
SM
MD
LG