Naxçıvan Muxtar Respublikası (MR) Konstitusiyasına bir sıra dəyişiklik nəzərdə tutulur. Bununla bağlı layihəyə sabah, iyunun 21-də Azərbaycan Milli Məclisində baxılmalıdır.
Layihədə MR Ali Məclisinin (MRAM) buraxılması qaydası müəyyənləşir. Yeni təklifə əsasən, Naxçıvan MRAM-i 31 deputatın tələbi ilə özü və ya vəzifələrini icra edə bilmədikdə Azərbaycan prezidenti buraxacaq.
Hüquqşünaslar bildirirlər ki, həm Azərbaycan, həm də Naxçıvan MR Konstitusiyasında Ali Məclisin buraxılması ilə bağlı prosedur qeyd olunmayıb.
Layihədə həmçinin, Naxçıvan MRAM-ə seçkilərin təyin edilməsi qaydası da dəyişir. Naxçıvan MRAM-ə seçkiləri onun sədrinin təklifləri əsasında Azərbaycan prezidenti təyin edəcək. Qüvvədə olan qanuna görə isə, MRAM-ə seçkiləri Naxçıvan Ali Məclisinin sədri təyin edir.
Üstəlik, Ali Məclis sədri Naxçıvan MR-in ali vəzifəli şəxsi sayılmayacaq.
Habelə MR Nazirlər Kabineti Azərbaycan prezidentinə tabe olacaq. Hazırda həmin qurum muxtar respublikanın Ali Məclisinə tabedir. Layihə qəbul edilərsə, o, iş qaydasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.
Xatırlatma
1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbovun 3 il öncə, 2022-ci ildə istefaya göndərilməsi muxtar respublikada dəyişikliklərə səbəb oldu. Həmin il dekabrın 22-də prezident İlham Əliyev ora öz səlahiyyətli nümayəndəsini göndərdi. Daha sonra muxtar Respublikada bir çox vəzifəli şəxslər mənimsəmə və başqa ittihamla istintaqa cəlb edildilər.
Naxçıvan MR 1924-cü ildə yaradılıb. Onun Azərbaycanın başqa əraziləri ilə quru sərhədi yoxdur. Türkiyə, Ermənistan və İran İslam Respublikası ilə qonşudur.
Ötən əsrin 90-cı illərində Naxçıvan MR rəhbərliyi ilə rəsmi Bakı arasında müəyyən ziddiyyət yaranmışdı. Rəsmi Bakının Naxçıvana daxili işlər naziri postuna öz kadrını göndərməsi muxtar respublika rəhbərliyinin etirazına səbəb olmuşdu. Tərəflər arasında qısa gərginlik Naxçıvan rəhbərliyinin istəyi ilə başa çatmışdı. Həmin vaxt prezident postunu Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy tuturdu. O, cəmi 1 il hakimiyyətdə oldu. Naxçıvan MR Ali Məclisinə isə sonradan prezident olacaq Heydər Əliyev rəhbərlik edirdi.