Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin "Qarabağı itirməsi" ilə bağlı ittihamlara cavab verib. Ermənistan mediası xəbər verir ki, parlamentdə danışan baş nazir Paşinyan "Dağlıq Qarabağı itirdiyimiz barədə çox danışılıb. Təbii ki, mən bu barədə çox fikirləşmişəm və qənaətim belədir ki, biz Dağlıq Qarabağı itirməmişik, Ermənistan Respublikasını tapmışıq" deyə bildirib.
Paşinyanın sözlərinə görə, uzun illər ərzində Qarabağ məsələsindən Ermənistanın inkişafını əngəlləmək üçün vasitə - "qandal" kimi istifadə olunub.
"Ermənistan Respublikası inkişaf edir və mən onun gələcəyinə həmişəkindən daha nikbin baxıram", - Paşinyan vurğulayıb.
4 iyun
Paşinyan Qarabağın itirilməsini Ermənistan üçün 'lütf' sayır – onunla görüşdən çıxan tələbə
Ermənistan baş naziri Nikol Paşinyan hesab edir ki, Dağlıq Qarabağın itirilməsi Ermənistan üçün bir lütfdür. Bunu iyunun 2-də baş nazir Paşinyanla görüşdə iştirak edən universitet tələbələrindən biri deyib.
Yerevan Dövlət Universitetinin (YDU) tələbələri və professorları ilə bağlı qapılar arxasında keçirilən üç saatlıq görüşdə Paşinyanın Azərbaycanla bağlı siyasətini təbliğ etdiyi bildirilir. O, görüş iştirakçılarının bəzilərinin suallarını cavablandırıb.
Politologiya fakültəsinin üçüncü kurs tələbəsi Ovannes Şamrikyan bildirib ki, o, baş nazirə Azərbaycanın Qarabağı geri qaytarması ilə bağlı sual verib. O soruşub ki, əgər zamanda geri qayıdıb 2018-ci ildə baş vermiş "məxməri inqilab"ın ermənilərin yaşadığı bu bölgənin itirilməsi ilə nəticələnəcəyini əvvəlcədən bilsəydi, Paşinyan həmin inqilabı yenə də həyata keçirərdimi? Şamrikyan AzadlıqRadiosunun Ermənistan xidmətinə deyib ki, baş nazir bu suala qəti şəkildə "bəli" cavabı verib.
YDU-nun tələbəsi əlavə edib ki, o, Paşinyanın başqa bir bəyanatından daha çox şoka düşüb: "Qarabağlı bağlı o, belə bir fikir söylədi ki, biz Qarabağı itirərək, nəhayət, Ermənistan Respublikasının müstəqilliyini qazandıq".
Baş nazir Paşinyana aid edilən bu bəyanat onun keçən həftə Ermənistan Respublikasının 107-ci ildönümü ilə bağlı rəsmi mərasimdə açıq şəkildə söylədiyi fikirlərlə üst-üstə düşür. O, çıxışında bəyan edib ki, Ermənistan onun yeddiillik hakimiyyəti dövründə "həmişəkindən daha suveren və daha müstəqil" olub.
Bu iddianı istehza ilə qarşılayan Ermənistan müxalifətinin liderləri, əksinə, Paşinyanın ölkəni ciddi şəkildə zəiflətdiyini və onu həm Azərbaycan, həm də Türkiyədən gələn ekzistensial təhlükələrlə üz-üzə qoyduğunu israr ediblər. Onlar 2020-ci ildə Azərbaycanın qələbəsini və Paşinyanın Bakı üçün güzəştlərini xatırladaraq, bunun Ermənistan üçün yalnız daha çox problem yaratdığını deyiblər.
2020-ci ildə Azərbaycanla təxminən altı həftə davam edən müharibədə azı 3 min 800 erməni hərbçisi həlak olub. Paşinyan bu nəticənin günahını Ermənistanın əvvəlki liderlərinin üzərinə atıb.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.