Türkmənistanda fəal Murat Duşemov dörd illik həbs cəzasını başa vurmasına baxmayaraq, azadlığa buraxılmayıb. Bu barədə turkmen.news məlumat yayıb. Duşemov hədə-qorxu ilə pul tələbetmə və sağlamlığa orta dərəcədə qəsdən zərərvurma maddələri ilə cinayət işinə cəlb olunmuşdu. Onun barəsində hökm 2021-ci il avqustun 16-da çıxarılıb. Turkmen.news-un məlumatına görə, onun həbs müddəti bu il iyunun 14-də başa çatmalı idi, lakin o, evə qayıtmayıb. İddiaya görə, azadlığa çıxmasına az qalmış məhbuslardan biri onun barəsində şikayət ərizəsi yazıb, guya, Duşemov həmin şəxsin qolunu sındırıb. Hazırda M.Duşemov Türkmənabad istintaq təcridxanasında saxlanılır və ona qarşı yeni ittiham irəli sürüldüyü üçün yenidən həbs olunmaq təhlükəsi ilə üzləşib.
Duşemov 2021-ci ildə Səhiyyə Nazirliyinin məcburi peyvəndlə bağlı əmri barədə məlumat almağa çalışdığı xəstəxanadan çəkdiyi videonu YouTube-da yayımladıqdan sonra təqiblərə məruz qalıb. 2021-ci il iyunun 16-da məhkəmə onu 100 manat (28 dollar) məbləğində cərimələyib.
Ancaq üç həftə sonra türkmənistanlı fəal Aşqabaddan Daşoğuza gedərkən polis postunda saxlanılıb və ondan COVID-19-a dair mənfi test arayışı tələb edilib. Duşemov və dostları bu tələbə hüquqi əsas göstərilməsini istəsələr də, polis onları saxlayıb.
Məhkəmə M.Duşemov və onun dostu barəsində 15 sutkalıq inzibati həbs qərarı çıxarıb. Lakin bu müddət bitdikdən sonra aktivist azadlığa buraxılmayıb və onun barəsində iki maddə üzrə cinayət işi açılıb.
Duşemova qarşı "sağlamlığa orta ağır dərəcədə qəsdən xəsarət yetirmə" ittihamı onun guya təcridxanada digər şəxslərlə dalaşaraq onlara xəsarət yetirməsi ilə əsaslandırılıb. "Soyğunçuluq" (vəzifəli şəxsdən pul tələb etmə) ittihamı isə xəstəxananın həkimlərindən birinin ifadəsinə əsaslanıb. Həmin həkim iddia edib ki, Duşemov onun barəsində çəkilmiş videonu yaymamaq müqabilində pul tələb edib.