AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadəyə 9 il həbs cəzası kəsilib. İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Eyni hökmlə "AbzasMedia" nəşriylə bağlı cinayət işi üzrə həbsdə olan daha altı jurnalistə də ağır cəzalar verilib. Onlardan nəşrin təsisçisi Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) 9 il, əməkdaşı Məhəmməd Kekalov 7 il 6 ay, "Turan" İnformasiya Agentliyinin redaktoru Hafiz Babalı 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il azadlıqdan məhrum edilib.
Rasim Sadıxovun sədrlik etdiyi hakimlər kollegiyası iddia edir ki, adları çəkilən jurnalistlərə qarşı irəli sürülmüş qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma kimi ittihamlar məhkəmədə sübut olunub.
Hökmdən öncə son sözlərini deyən jurnalistlər isə bildiriblər ki, bu ittihamların hamısı saxtadır. Onların həbsinin yeganə səbəbi jurnalist fəaliyyətləri, xüsusilə hakim ailə də daxil olmaqla, hakimiyyətdə təmsil olunan şəxslərin korrupsiya əməllərini ifşa etmələridir.
"Sənə lazım idi?"
İqtisadçı və AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə məhkəməyə son sözündə deyib ki, həbs edildikdən bəri ən çox bir sualı eşidib: "Sənə lazım idi?".
"Hər zaman ona inanmışam ki, bilik o zaman dəyərli olur ki, ictimai fayda yaratsın. Mən iqtisadi siyasət ixtisası üzrə təhsil almışam və son beş il ərzində bilik və bacarıqlarımı Azərbaycan vətəndaşlarının ölkədə baş verən iqtisadi proseslərlə bağlı məlumatlılığının artmasına, ölkənin qarşılaşdığı iqtisadi çağırışların ictimailəşməsinə, həmin çağırışlarla bağlı tövsiyə və rəylərin hazırlanmasına sərf etmişəm. Çünki hər hansı bir ölkədə dayanıqlı iqtisadi inkişafa nail olmağın tək yolu vətəndaşların iqtisadi proseslərin mahiyyətini anlamasından, qərarların qəbulunda iştirakçılığın və ifadə azadlığının təmin edilməsindən keçir", – o vurğulayıb.
Jurnalist bildirib ki, Azərbaycan xalqının daha ədalətli və rifah bir ölkədə yaşamadığını idarəetmədən qaynaqlanan səbəblərlə əsaslandırması onun məhkəmə qarşısında durmağına səbəb olub. F.Mehralızadə deyib ki, barəsindəki ittihamların həqiqəti əks etdirmədiyi tam sübuta yetirilib.
"Çox gözəl başa düşürəm ki, oxuyacağınız hökm hakimlərin yox, bizim həbsimizi sifariş edənlərin hökmü olacaq. Onlar istəsə, barəmizdə ömürlük həbs qərarı çıxara, hətta cinayət məcəlləsini dəyişib, ölüm hökmünü bərpa edib, bizi edama göndərə bilərlər. Çünki qanunun aliliyinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmət edilməyən ölkələrdə məhkəmə prosesləri avtoritar hökumətlərin saxta gülümsəməsindən başqa bir şey deyil", – o əlavə edib.
Fərid Mehralızadə son sözündə habelə əlavə edib ki, prokurorun işin yekununda Məhəmməd Kekalovun ilkin ifadəsinə istinad etməsi düzgün deyil, çünki sonradan o həmin ifadəsindən imtina edib: “Lap o imtina edilən ifadəyə istinad edilsə belə, orada mənim haqqımda heç nə yoxdur. Sənədlərdə də mənim adım çəkilmir. Heç bir şey ortaya qoyulmadı. Mənə qarşı yalnız sübut odur ki, mən xaricə gedib gəlmişəm”.
Onun deməsinə görə, bir şəxsi yalnız xaricə getdiyinə görə, qaçaqmalçılıqda ittiham etməklə prokuror hakimləri və digər proses iştirakçılarını ələ salmış olur: “Biz tamaşaya baxmağa gəlməmişik. Bura məhkəmədirsə, ortaya normal sübutlar qoyulmalıdır. Yoxsa Azərbaycan Dövlət Dram Teatırı yaxındadır...”
F.Mehralızadə deyib ki, üzərinə həbs qoyulan avtomobilinin də qaçaqmalçılıq yolu ilə alındığı əsaslandırılmayıb: “Əsaslandırsalar, üzr istəyəcəm...Məni tamah məqsədi güdməkdə ittiham edirlər. Mənim tamah məqsədim olsaydı, təklif edilən vəzifələri qəbul edərdim”.
"Zərdabi sağ olsaydı, İlham Əliyev onu da həbs etdirərdi"
Hökmdən öncə Ülvi Həsənli deyib ki, əgər ədalət olsaydı, bu gün burada onlar yox, korrupsionerlər, işgəncə kralları oturardı. "Ölkədə hüquq öldürüldüyü üçün biz burada hüquqdan yox, işimizin siyasi tərəflərindən danışmalı oluruq. Bizi valyuta qaçaqmalçılığında ittiham edənlər həm də Dövlət Sərhəd Xidmətinə, gömrük xidmətinə şər atmış olur. Biz sərhəddən keçib, gömrük nəzarətindən kənar 184 dəfə ölkəyə valyuta gətirmişiksə, gömrük xidməti hara baxırdı?", - o, sual edib.
Ü.Həsənlinin sözlərinə görə, onların həbsindən sonra "AbzasMedia" nəşrinin bloklanması üçün məhkəməyə müraciət olunması da göstərdi ki, məqsəd onları susdurmaqdır: "Amma texnologiya əsrində bu, mümkün deyil. Əvəzində dünyadan 40-dan çox jurnalist "Abzas"ın araşdırmalarına qoşuldu. 19 aydır həbsdəyəm, əslində isə əsirlikdəyəm. Diktatura milli mətbuatın 150 illiyi ilə bağlı tədbirlər keçirir. Zərdabi, Əlibəy Hüseynzadə, Cəlil Məmmədquluzadə sağ olsaydı, bu gün İlham Əliyev onları da həbs etdirərdi".
"O yaşasaydı, Əliyevin repressiyalarından yayına bilməzdi"
Sevinc Abbasova (Vaqifqızı) son sözündə deyib ki, Azərbaycanda hələ qədimdən bəri müstəqil jurnalistlər gizli fəaliyyət göstərməyə məcbur olublar.
Onun sözlərinə görə, Üzeyir Hacıbəyli 76 məqaləsini gizli imza ilə yazıb: "Bu yolla o, Stalin repressiyalarından yayına bilmişdi. Amma əminəm ki, o yaşasaydı, indi Əliyevin repressiyalarından yayına bilməzdi".
S.Abbasova xatırladıb ki, onlara qarşı mötəbər mənbələrdən daxil olmuş məlumat əsasında əməliyyat keçirildiyi iddia edilir. Onun vurğulamasına görə, "mötəbər mənbə" elə İlham Əliyevdir: "Bizim araşdırmalarımız İlham Əliyevə və onun ətrafına toxunurdu".
Prokuror və hakimlərə kitab hədiyyəsi
Məhəmməd Kekalov məhkəməyə Corc Oruellin dörd ədəd "1984" adlı kitabını gətirdiyini və hədiyyə etmək istədiyini bildirib. O qeyd edib ki, kitabların birini prokuror, digərlərini isə hakimlər üçün nəzərdə tutub: "Sizin bu kitabları oxumağa ehtiyacınız var, çünki bu ölkəni bu vəziyyətə gətirənlər arasında sizlər də varsınız. Vasitəçilik etmişiniz".
Onun vurğulamasına görə, əgər qazancı çirkli pullar olubsa, bu illər ərzində işsizlik sığortası, vergilər verib: "Çirkli pullardan işsizlik sığortası, vergi verilməsini birinci dəfədir eşidirəm".
Məhkəmədə ürək dərmanları...
Nərgiz Absalamova bildirib ki, qəbul imtahanları ərəfəsində ailəsi ilə mübarizə aparıb jurnalist peşəsini seçib. O vurğulayıb ki, müstəqil jurnalist kimi fəaliyyət dövründə də dəfələrlə polis zorakılığı ilə üzləşib, sümüyü də sınıb: "Bir ölkədə ədalətsizlik varsa, günlərin birində gəlib sizləri də tapacaq".
Onun sözlərinə görə, ədalətsizliklər zamanı yığılan pulların da faydası olmayacaq.
Daha sonra N.Absalamova məhkəmə heyətinə ürəkağrısı zamanı istifadə edilən dərmanlar gətirdiyini bildirib. "Ona görə yox ki, siz günahsız insanlara hökm oxuyanda ürəyiniz ağrıyacaq. Sadəcə, biz hər dəfə İlham Əliyevin adını çəkəndə siz rəng alıb, rəng verirsiniz...".
+++
Elnarə Qasımova isə vurğulayıb ki, 2023-cü ilin noyabrından müstəqil mediaya qarşı total repressiyalar başlayıb. Onun sözlərinə görə, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin nəzərdə tutduğu doğru sözə görə həbs ediliblər: "Məhz buna görə Azərbaycan söz azadlığına görə 180 ölkə arasında 167-ci yeri tutur".
O deyib ki, müstəqil jurnalist kimi prezidenti razı salmaq öhdəlikləri yoxdur və təslim olmayacaqlar.
Hakim hökm oxuyarkən jurnalistlər etiraz əlaməti olaraq üzlərini çevirərək, əllərində bir sıra məmurların və hakim ailənin üzvlərinin fotolarını tutublar.
"Sərhədsiz Reportyorlar": Hökm qeyri-legitimdir
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Fərid Mehralızadə və "Abzas Media" jurnalistlərinin 9 ilədək həbsə məhkum edilməsini pisləyib, bunu "Azərbaycan rejiminin müstəqil jurnalistikaya qarşı apardığı savaşın miqyasını ortaya qoyan ədalət parodiyası" adlandırıb.
"Bu ittihamlar açıq şəkildə saxtalaşdırılıb və siyasi motivlidir. Məqsəd korrupsiyanı ifşa edən və ictimaiyyəti məlumatlandıran jurnalistləri cəzalandırmaqdır. Məhkəmə prosesi prosessual pozuntular, hüquqi müdafiə imkanlarının inkarı və təzyiqlərlə müşayiət olunub. Bu səbəbdən çıxarılan hökmün heç bir legitimliyi yoxdur", – qurumun redaksiya işlərinə cavabdeh direktoru Enn Bokande deyib.
RSF "AbzasMedia" jurnalistləri və F.Mehralızadəyə dərhal və qeyd şərtsiz azadlıq tələb edir, demokratik hökumətləri bu mətbuat azadlığına hücumla bağlı Azərbaycan hökumətini cavabdeh tutmağa çağırır.
"Fərid onsuz da çox şey itirib"
Azad Avropa/Azadlıq Radiolarının prezidenti Stiven Kapus F.Mehralızadə barəsində çıxarılan hökmü belə dəyərləndirib: "Fərid onsuz da çox şey itirib. Bir ildən çoxdur əsassız olaraq həbsdə saxlanır, övladının dünyaya gəlişini görməyib. İndi isə əlçatmaz ədaləti gözləyir. Bu adamı fundamental hüquqlarından məhrum etmək gərəksiz qəddarlıqdır. Bu saxtakarlığı davam etdirmək əvəzinə Fəridi ailəsinə qovuşdurmaq vaxtıdır".
Jurnalistləri Müdafiə Komitəsi hökmdən bir gün öncə yaydığı bəyanatda "AbzasMedia" jurnalistlərinin siyasi təqibinə son qoymağa çağırıb. "Onların işi üzrə gözlənən hökm Azərbaycanın müstəqil medianı əzməsinə dair hökm olacaq", – bunu CPJ-nin Avropa və Orta Asiya proqramının koordinatoru Gülnoza Said deyib.
Rəşad Məcid: “Şura məhkəmə hökmünü mübahisələndirməkdən uzaqdır”.
Məhkəmədə səslənən tənqidlərə, hələlik, cavabdeh tərəflərdən münasibət almaq mümkün olmayıb.
Jurnalistlərin həbsi ilə bağlı AzadlıqRadiosunun suallarına Medianın İnkişafı Agentliyindən cavab verilməyib. Hələ iki gün öncə, bu prosesdən əvvəl gözlənilən hökmlə bağlı Agentliyə suallar göndərilsə də, oradan hər hansı cavab gəlməyib. Hələlik, başqa rəsmi qurumlardan da münasibət almaq mümkün olmayıb. Amma onlar, bir qayda olaraq, Azərbaycanda jurnalist həbslərinin peşə fəaliyyəti ilə bağlı olmadığını vurğulayırlar.
Amma Mətbuat Şurasının sədri Rəşad Məcid deyib ki, hər bir tərəfin öz fikri ola bilər: “Hər halda, ittiham tərəfinin də əsaslanmış arqumentləri var. Əsas məsələ jurnalist fəaliyyəti, informasiya yayıcılığı ilə məşğul olduğunu iddia edən şəxslərin həbslə üzləşmələridir. Prinsipial məqam budur. Şura bu qəbildən olan şəxslərin həbsə düşmələrinə müsbət yanaşmır və qurum həmişə də eyni mövqedən çıxış edib”.
Onun sözlərinə görə, digər tərəfdən, müxtəlif fikirlərin olmasına baxmayaraq, onlar sırf jurnalist fəaliyyətləri ilə bağlı həbs olunmayıblar:
“Kimsə siyasi mahiyyəti qabarda bilər və qabardır da. Nə üçün bu mahiyyət əsas götürülməlidir, buna da cavab yoxdur. Olmazdımı ki, belə durumlar yaşanmasın? Hər halda, söz azadlığının imkanları genişdir və hər bir jurnalistin sırf həmin imkanlar çərçivəsində fikir bildirmək imkanları mövcuddur. Ölkədə tənqidi jurnalistikanın olduğunu da bilirik. Mətbuat Şurası isə jurnalist həbsləri, konkret olaraq, söz və ifadə azadlığı kontekstində olduğu təqdirdə, hansısa fikir bildirə bilər. İndiki durumda Şura nəyisə, o cümlədən, məhkəmə hökmünü mübahisələndirməkdən uzaqdır.”
Xatırlatma
Hazırda oxşar ittihamlarla 30-dan çox jurnalist, ictimai fəal həbsdədir. Onların hamısı ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə cəzalandırıldıqlarını deyir.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 375 nəfər siyasi məhbus var.
Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.