"Sənə lazım idi?". Bu mənim həbs edildikdən bəri ən çox eşitdiyim sualdır. Həbsxanada qarşılaşan insanlar adətən ilk olaraq bir-birindən niyə həbs olunduqlarını soruşurlar. Mən bu suala cavab olaraq siyasi məhbus olduğumu dedikdə heç bir əlavə izaha ehtiyac olmadan istisnasız hər dəfə "sənə lazım idi?", "Bilmirdin ki, bu ölkədə düz danışanı şərləyib tuturlar" kimi cümlələr eşidirəm. Bəs, əslində, mənə nə lazım idi?
Məhkəmə qarşısında durmağın əsl səbəbi
Hər zaman ona inanmışam ki, bilik o zaman dəyərli olur ki, ictimai fayda yaratsın. Mən iqtisadi siyasət ixtisası üzrə təhsil almışam və son beş il ərzində bilik və bacarıqlarımı Azərbaycan vətəndaşlarının ölkədə baş verən iqtisadi proseslərlə bağlı məlumatlılığının artmasına, ölkənin qarşılaşdığı iqtisadi çağırışların ictimailəşməsinə, həmin çağırışlarla bağlı tövsiyə və rəylərin hazırlanmasına sərf etmişəm. Çünki hər hansı bir ölkədə dayanıqlı iqtisadi inkişafa nail olmağın tək yolu vətəndaşların iqtisadi proseslərin mahiyyətini anlamasından, qərarların qəbulunda iştirakçılığın və ifadə azadlığının təmin edilməsindən keçir. İctimai fəaliyyətimdə heç vaxt maddi motivasiyam olmayıb. Hesab etmişəm ki, hələ 1918-ci ilin 28 mayında Şərqdə ilk demokratik respublikanı qurmaq kimi tarixi nailiyyətə imza atmış Azərbaycan xalqı bugün daha ədalətli və rifah dolu bir ölkədə yaşamağa layiqdir və ölkəmizin malik olduğu resurslar bunu təmin etmək üçün yetərlidir. İdarəetmədən qaynaqlanan səbəblərə görə bunun baş tutmamasını dilə gətirməyim bugün məhkəmə qarşısında olmağımın əsl səbəbidir.
"Yükləmə" və həbsi sifariş edənlərin çıxardığı hökm
Təqsirləndirildiyim cinayət işinin mahiyyətini açmaq üçün yenə həbsxana jarqonuna müraciət etməliyəm. Həbs olunduqdan bəri həyatıma çoxlu yeni sözlər və terminlər daxil olub. İşin maraqlı tərəfi odur ki, bu sözlərin mütləq əksəriyyəti rus dilində işlədilən sözlərdən ibarətdir. Həbsxana jarqonunda tez-tez işlədilən cəmi bir söz var ki, məhz Azərbaycan mənşəli sözdür. Bu, "yükləmə" sözüdür. Nədir "yükləmə"? Şəxsin törətmədiyi cinayətlə ittiham edilməsi, yəni, yüklənməsi. Azərbaycan hüquq sisteminin həbsxana jarqonuna məhz "yükləmə" sözünü "bəxş etməsi" ölkənin hüquq sisteminin mahiyyətini çox gözəl ifadə edir.
Biz də, ölkədəki minlərlə digər məhbus kimi, törətmədiyimiz cinayətdə ittiham olunuruq. Barəmdəki ittihamların həqiqəti əks etdirmədiyi tərəfimizdən tam olaraq sübuta yetirilib. İttiham tərəfinin siması olan prokurorun mənimlə məhkəmə çəkişməsinə çıxmaqdan imtina etməsi və qaçması bunun təsdiqidir. Təqsirləndirildiyimiz cinayət işi ilə bağlı məhkəmə prosesində tərəflər formal olaraq "ittiham tərəfi" və "müdafiə tərəfi" adlansa da, əslində məhkəmə prosesində sözün hər iki mənasında xeyirlə şər çəkişir və unutmayın ki, sonda hər zaman xeyir qalib gəlir.
Çox gözəl başa düşürəm ki, oxuyacağınız hökm hakimlərin yox, bizim həbsimizi sifariş edənlərin hökmü olacaq. Onlar istəsə, barəmizdə ömürlük həbs qərarı çıxara, hətta Cinayət Məcəlləsini dəyişib, ölüm hökmünü bərpa edib bizi edama göndərə bilərlər. Çünki qanunun aliliyinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmət edilməyən ölkələrdə məhkəmə prosesləri avtoritar hökumətlərin saxta gülümsəməsindən başqa bir şey deyil. Ancaq yarımçıq həqiqət olmur. Həqiqət tamdır və həqiqət ondan ibarətdir ki, mən heç bir cinayət törətməmişəm! Biz gec-tez hüquqi olaraq bəraət qazanacağıq, mənəvi bəraətə isə, ümumiyyətlə, ehtiyacımız yoxdur. Ancaq əmin olun ki, sifarişli həbslərin baş tutmasında iştirak edən hər kəs ömrünün sonunadək bu ləkəni daşıyacaq. Necə ki tarixboyu repressiyalarda iştirak edənlər həm hüquqi, həm tarixi baxımdan layiq olduqları mühakimə ilə üzləşiblər, gec-tez Azərbaycan xalqına qarşı ədalət cinayətləri törədənlər də mühakimə olunacaqlar və biz də həmin məhkəmə proseslərində zərərçəkmiş şəxs qismində iştirak edəcəyik.
Dövlətçiliyə xidmət nə deməkdir?
Mənim can atdığım Azərbaycan idealını və önəm verdiyim dəyərləri nə oraq biçə bildi, nə çəkic əzə bildi. Yəni, Sovet İttifaqı kimi şər imperiyasının bacarmadığını korrupsiya maraqları ətrafında birləşən və şəxsi mənafelərindən ötrü öz vəzifə səlahiyyətlərini topdan və pərakəndə satışa çıxaran insanlar, ümumiyyətlə, bacara bilməzlər. Bugün Azərbaycanda hətta 21-ci əsrdə doğulan insanların siyasi məhbus həyatı yaşaması bunun ən böyük sübutudur. Yəqin ki, oxuyacağınız qərarı "dövlətçilik", "dövlətə xidmət" kimi sözlərlə əsaslandıracaqsınız. O zaman mən sual edirəm: İctimai vəsaitləri oğurlamaq dövlətçiliyə xidmətdir, yoxsa bu oğurluqları üzə çıxarmaq? Ölkənin problemlərini dilə gətirib, onlara həll yolu axtarmaq dövlətə xidmətdir, yoxsa problemləri görməzdən gəlib gözə kül üfürmək?
Müstəqil media dövlətə də, millətə də, bəşəriyyətə də ən böyük xidmət vasitələrindən biridir. Təəssüflər olsun ki, bugün ölkəmizdə jurnalistika az qala terrorçuluğa bərabər tutulur. Bu prosesdə iştirak edən yeddi təqsirləndirilən şəxsin yaş ortalaması 34-ə bərabərdir. Bu il həmçinin Azərbaycan dövlət müstəqilliyinin bərpasının 34-cü il dönümüdür. Bu rəqəmlərin üst-üstə düşməsi son 34 ildə Azərbaycanda mətbuat azadlığının hansı hala düşməsini çox gözəl ifadə edir.
Fikirlərimi Frans Kafkanın "Məhkəmə" əsərinin qəhrəmanı Yozefin sözləri ilə bitirmək istəyirəm: "Başa düşün, prosesin nə ilə bitəcəyi mənim üçün tamamilə maraqsızdır və çıxarılan hökmə sadəcə güləcəyəm".
Bir daha dünyaya gəlsəm yenə də, şərin yox, xeyrin yanında olmağı seçərdim.
Yaşasın Azadlıq!
Yaşasın Ədalət!
Yaşasın ədalətsizliyə boyun əyməyən bütün insanlar!